NAYDA-nın rəhbər heyəti və kollektivi Xatirə Muzeyini ziyarət edib

27.05.2025, 17:02 image

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin rəhbər heyəti və kollektivi təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan şəhərində yerləşən Xatirə Muzeyini ziyarət edib.

 

Ziyarət zamanı əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra bələdçi Agentliyin əməkdaşlarına Xatirə Muzeyinin yaranma tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, muzey Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş soydaşlarımızın xatirəsini əbədiləşdirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 3 may 2000-ci il tarixli 93 nömrəli qərarı əsasında yaradılmış, 400-ə yaxın eksponatla fəaliyyətə başlamışdır. Hazırda muzeydə 6000-ə yaxın eksponat qorunub saxlanılır.

 

Qeyd edək ki, muzeydə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım faktlarını əks etdirən sənədlər, şəkillər və digər eksponatlar yer alır. Agentliyin əməkdaşları muzeyin eksponatları ilə yaxından tanış olaraq, ətraflı məlumat əldə ediblər.